Azərbaycanın Rusiya Federasiyası ilə sərhəddə yerləşən şimal və şimal-qərb rayonlarında mayın 29-dan start götürən Sərhəd-sipər əməliyyatları davam edir.
Rusiya və Azərbaycanın Daxili İşlər Nazirliklərinin xəttilə hər il ənənəvi keçirilən sərhəd əməliyyatları Azərbaycanın Qusar, Xaçmaz, Quba, Balakən, Şəki, Zaqatala rayonlarında və Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd, Axtı, Doqquzpara rayonlarında keçirilir. Bu əməliyyatlardan bir ay öncə Azərbaycan DİN-in birinci müavini Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstanın Dərbənd şəhərində Rusiyanın, Dağıstan və Çeçenistan DİN-nin rəsmilərilə görüş keçirmişdi.Görüşdə 2 ölkə arasında müxtəlif cinayətkarlığa qarşı birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. İki gündür start götürən sərhəd-sipər əməliyyatları həmin görüşdə müzakirə predmeti olan məsələlər ətrafında aparılır. Ölkənin şimalında -Qusar, Xaçmaz rayonlarının sərhədyanı ərazilərində və Qubanın Xınalıq kəndində polis postları qoyulub. Yaşayış məntəqələrinə daxil olan nəqliyyat vasitələri ciddi yoxlanılır. Sakinlərdə olan qanunsuz silahların könüllü olaraq polis şöbələrinə təhvil verilməsi üçün əhali arasında izahat-təbliğat işləri gücləndirilib. Silahları könüllü təhvil verən sakinləri cəza gözləmir. Sərhəd-sipər əməliyyatları iyunun 4-dək davam edəcək.