İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov deyib.
O qeyd edib ki, Ermənistan ərazisində vəziyyətin son dəyişikliyini nəzərə alaraq, Ermənistan lideri Moskvada Prezident Putinlə görüşündə (Putinlə Paşinyanın Moskvada görüşü 8 may tarixində olub- red.) müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən və sərhəddən çıxarılmasını xahiş edib:
“Beləliklə, qanuni olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemi bağlanır. Bu qərar qəbul edilib”.
O xatırladıb ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan yardım və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd xəttində yerləşdirilməsini xahiş edib. Bu xahişi nəzərə alaraq, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında 11 sərhəd postu yaratmışdı.
Qeyd edək ki, bundan öncə Bortnikov İrəvanın Zvartnots hava limanında da rus sərhədçilərin sərhəd-keçid məntəqəsini bağlayacağını açıqlamışdı.