Rusiya səfirliyinin gömrük məsələləri üzrə müşaviri ilə görüş keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti
general-leytenantı İsmayıl Hüseynov ilə Rusiya Federasiyasının
ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy
Pesçanskix arasında görüş keçirilib.

Komitədən AzerTimes-a
bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında bütün
sahələrdəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs olunub,
əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi
rolu qeyd edilib. Bildirilib ki, faydalı əməkdaşlıq gömrük
orqanlarının fəaliyyətində, istər beynəlxalq, istər regional
səviyyəli görüşlərdə və tədbirlərdə də öz əksini tapıb.

Xüsusilə qarşılıqı ticarət dövriyyəsinin artırılması, hər iki
ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin
artırılmasında gömrük xidmətlərinin mühüm rol oynadığı diqqətə
çatdırılıb.

Görüşdə Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Xanoba” və
müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid
məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə
proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi
məsələləri müzakirə olunub. Azərbaycan-Rusiya sərhədində inşa
olunan “Xanoba” gömrük postunda aparılan tikinti-quraşdırma işləri
barədə də məlumat verilən görüşdə vurğulanıb ki, cari ildə
tikintisi yekunlaşdırılacaq bu gömrük-sərhəd keçid məntəqəsinin
fəaliyyətə başlaması ilə iki ölkə arasında sərhədkeçmə prosesləri
daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq
ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün
münbit şərait yaranacaq.

Görüş çərçivəsində Georgiy Pesçanskix gömrük işinin inkişafına
və gömrük xidmətlərinin birliyinin möhkəmləndirilməsinə verdiyi
töhfəyə görə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir
Bulavinin əmrinə əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyevin “Gömrük birliyinin gücləndirilməsinə görə” medalı ilə
təltif edildiyini bildirib. Eyni zamanda, Komitə sədrinin birinci
müavini İsmayıl Hüseynov və Komitə sədrinin müavinləri Əsgər
Abdullayev, İqbal Babayev, Cavad Qasımov, eləcə də Beynəlxalq
Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin Rusiya Federal
Gömrük Xidmətinin fəxri fərmanları və təşəkkürnamələrlə təltif
olunduğu diqqətə çatdırılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin
gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük
orqanları ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan
Respublikasının yubiley medalını təqdim edib.

Teqlər: