Hazırda Avropa gündəminin bir hissəsiyik, bu, Rusiya üçün qətiyyən qəbuledilməzdir, çünki o, Ukraynanı dövlət kimi tanımır. Rusiya Ukrayna kimi dövlətin olmadığını iddia edir. Və bu gün Ukraynanı tanımırlarsa, sabah deyəcəklər ki, Ermənistan heç vaxt olmayıb. Sabah deməsələr də, o biri gün deyəcəklər. Rusiya Ukraynada qalib gəlsə, deyəcəklər ki, Polşa, Finlandiya və ya keçmiş sovet respublikaları kimi ölkələr belə olmayıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan deyib.
“Ona görə də bu kontekstdə Ermənistan hakimiyyətinin atmalı olduğu ilk addım siyasi qərar qəbul edib KTMT-dən çıxmaqdır. Ermənistan KTMT-nin bizi tərk etməsini gözləməməlidir. Hakimiyyət bəyan etməlidir ki, KTMT-dən çıxırıq, çünki bu hərbi-siyasi təşkilat bizim təhlükəsizliyimizi təmin etmir. İkinci addım Ermənistanın MDB adlı mənasız strukturdan getməsidir. Qazaxıstan və ya Qırğızıstanla münasibət qurmaq istəyiriksə, bunu birbaşa edə bilərik, burada heç bir problem yoxdur. Bundan sonra Rusiya özü deyəcək ki, sərhəd qoşunlarını geri çəkir. Söhbət Türkiyə və İranla sərhəddə dayanan sərhədçilərdən gedir. “Zvartnots” hava limanında və şərti Ermənistan-Azərbaycan sərhədində dayanan rus sərhədçilərinin sadəcə İrəvanın başına tuşlanmış dolu tapança olması fikri ilə razıyam”, – o bildirib.