Rusiya Qəzzada xəstəxanaya raket hücumunu cinayət və insanlıqdan çıxma aktı kimi təsnif edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, peyk görüntüləri xəstəxananı kimin vurduğunu göstərə bilər.
Diplomat münaqişə zonasındakı fəlakətli humanitar vəziyyətə görə Vaşinqton və Londonu günahlandırıb:
“Rusiya regionda humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının sənədi üzərində işləyir. Oradan dəhşətli xəbərlər gəlir. Bu, fəlakətli humanitar vəziyyətdir və vurğulamaq istəyirəm ki, bu öz-özünə baş vermir. Bu, texnogen fəlakət deyil, bu, hansısa təbiət hadisəsinin nəticələri deyil, bunu ilk növbədə “müstəsnalar blok”– Qərb dünyasının nümayəndələri edirlər. Bütün bunlar Vaşinqton və Londondan yönəlib”.
Qeyd edək ki, ötən gün Qəzza zolağında yerləşən Əhli-Ərəb Xəstəxanasına endirilən raket zərbəsi nəticəsində ən azı 800 nəfər ölüb. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.
İsrail xəstəxanaya zərbə endirmədiyini, əraziyə “İslami-Cihad”ın atdığı uğursuz raketin düşdüyünü bildirib.