Rusiya polisi çökdü: 15 polis necə ölə bilər? – Putinə şok

Rusiya polisi çökdü: 15 polis necə ölə bilər? – Putinə şok

Ötən gün axşam saatlarında Dağıstanın iki şəhərində – Dərbənd və Mahaçqalada baş verən dəhşətli terror hadisəsi dünya mediasının gündəmindədir.

AzerTimes xəbər verir ki, terrorçular Dərbənd və Mahaçqalada iki kilsə və bir sinaqoqa, o cümlədən polis postuna hücum ediblər, 68 yaşlı xəstə keşişi, o cümlədən kilsə mühafizəçisini öldürüblər. Sinaqoqa isə od vurublar.

Sinaqoq bütün gecə ərzində yanmağa davam edirdi. Terrorçularla atışmaya görə sinaqoqun söndürülməsi üçün yanğınsöndürmə briqadalarının cəlbi gecikmişdi.

Teraktın motivi nədir?

Terror hücumunun motivi haqda ilkin ehtimal hələ ki, yoxdur. Bilinən odur ki, bu terror hücumunda Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu – Osman və Adil Ömərovlar, o cümlədən başçının qardaşı oğlu da iştirak edib.

Osman Ömərov haqda olduqca maraqlı informasiya yayılıb. O, bizneslə məşğul olub, kafe və restoran işlədib, o cümlədən Türkiyə ilə də biznes əlaqələrinə malik imiş. Yayılan məlumatlara görə, Ömərov qardaşlarının heç bir maddi sıxıntısının olmadığı, hətta atalarının səlahiyyətlərindən istifadə edərək, geniş imkanlara sahib olduqları üzə çıxır.

Eyni zamanda, qətlə yetirilən digər terrorçu – Hacımurad Kaqirov da sıradan şəxs olmayıb. Həbib Nurməhəmmədovun yetirməsi olan MMA döyüşçüsü, titullu idmançı Kaqirov idman ustası imiş.

Onları terrora nə məcbur edib? Nə baş verib ki, başçının oğlanları və qardaşı oğlu terakta əl atıb:

Onların kilsə və sinaqoqa hücumu, keşişi qətlə yetirmələri və polisə hücumlarının məntiqini anlamaq asan deyil.

Rusiya polisi iflic oldu

Hadisənin ilk dəqiqələrindən – terror hücumundan dərhal sonra üzə çıxan fakt budur: terrorçular qaçıb gizlənmək, aradan çıxmaq fikrində deyillər, onlar hücumdan sonra Mahaçqala və Dərbənd küçələrində avtomat silahlarla hərəkət edərək, polislərə hücumlarını davam etdiriblər.

Dərbənddə polis uzun müddət terrorçulara qarşı əməliyyata başlaya bilmədi. Yalnız ətraf ərazilərdən yardım gəldi, xüsusi təyinatlılar şəhərə yeridildi. Dərbəndə köməyə gələn Dağıstan İşıqları Polis İdarəsinin rəisi Mavludin Xıdırnəbiyev isə öldürüldü. Onun Dərbənd azərbaycanlısı olduğu haqda məlumatlar var.

Mahaçqalada isə antiterror əməliyyatı dərhal elan edildi, əraziyə xüsusi təyinatlılar yeridildi.

İlkin məlumata görə, ən azı 15 polis öldürülüb, 30-a yaxın polis yaralanıb. Qeyri-rəsmi məlumatda bu rəqəmin daha çox olduğu bildirilir.

Əvəzində cəmi 5 terrorçu zərərsizləşdirilib. Terrorçulardan neçəsinin yaxalandığı haqda məlumat yoxdur. Yalnız teraktdan sonra “Mash” kanalı çimərlikdə 3 nəfərin yaxalandığı videosunu yaymışdı. Onların isə teraktda iştirak etdiyi haqda heç bir məlumat mövcud deyil. Ehtimal edilir ki, onlar terrorçulara yalnız “yardım edə” bilərdilər.

Digər mühüm məlumat: terrorçular yalnız kilsə və sinaqoqa hücum edib, ardınca isə hüquq-mühafizə orqanı əməkdaşlarının “ovuna” başlayıblar, mülki şəxslərə atəş açılmayıb. Videolarda da görünür ki, şəhər küçələrində əllərində avtomat hərəkət edən silahlılar yaxınlaşan mülki şəxslərə, maşınlara atəş açmır, onların mülki şəxs olduğunu bildikdə hərəkəti davam etdirmələrinə şərait yaradırlar.

Yaralılar və ölənlər arasında mülki şəxslər də var, ancaq bu, terrorçuların hədəfi deyil, atışma zamanı baş verən haldır. Yəni terrorçular “sonadək” vuruşmağa qərar veriblər, həm də yalnız və yalnız polislərlə, xüsusi təyinatlılarla.

Terrorçulara qarşı əməliyyat başladıqda 6 polisin öldüyü haqda məlumat yayılmışdı. Bildirilirdi ki, terrorçular polis postuna hücum edib – ancaq videolarda hadisə yerinə gələn polis maşınına hücum edildiyi və xüsusi təyinatlı polislərin qətlə yetirildiyi görünürdü.

Nəticə

5 terrorçu ən azı 15 polisi öldürüb, 30-a yaxın şəxsi yaralaya bilirsə; terrorçular avtomat silahlarla şəhərin mərkəzində saatlarla müqavimət göstərirsə, bu, çox ciddi hadisədir. Xüsusi təyinatlılar gülləkeçirməz gödəkçədən istifadə etməyibmi? Qoruyucu şitlər olmayıbmı? Necə ola bilər ki, köməyə gələn polis rəisi bu vasitələr olmadan terrorçularla döyüşə girir və öldürülür?

Demək, Rusiyada təhlükəsizlik minimal səviyyəyə düşüb.

Başqa sözlə, Rusiya polisi ağır zərbə aldı, Putin üçünsə bu, şok oldu…

Teqlər: