Rusiya Ukrayna ərazisini ələ keçirməyi və daim hücuma keçməyi bacarır, çünki Ukraynada genişmiqyaslı işğalın əvvəlində olduğu kimi birlik yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın 1-ci əlahiddə hücum batalyonunun komandiri Dmitri Filatov deyib.
“Güclü olmağımız üçün birliyə ehtiyacımız var. Və təəssüf ki, indi o, yoxa çıxıb. Buna görə də Rusiya bəzi ərazilərimizi “dişləməyi” və daim hücuma keçməyi bacarır. Yenidən birləşməsək, Donbasda müharibə bitməyəcək”, – o bildirib.
Donetsk vilayətinin Kuraxovo yaxınlığındakı vəziyyətdən danışan komandir Rusiya ordusunun hansı cəhətlərdə üstün olduğunu sadalayıb:
“Birincisi, düşmən özünün FPV pilotsuz təyyarələrinin və ümumilikdə hava kəşfiyyatı avadanlıqlarının fəaliyyətini artırıb. Düşmən uzaq məsafəli kəşfiyyat vasitələri ilə səmada bizi üstələyir. Bu, deyək ki, ölkəmizdə nədənsə çox zəif olan bir komponentdir. Düşmən bizi döyüş meydanında piyada sayına görə üstələyir. Yəni onun ilk növbədə şəxsi heyətdə üstünlüyü var. Bu heyət daha yaxşı kəşfiyyat vasitələri ilə dəstəklənir, bunun sayəsində təəssüf ki, düşmən üstünlük təşkil edir”.