“Qazprom” qaz tədarükünü məhdudlaşdırmaqla 2021-ci ilin oktyabrında imzalanmış müqaviləni pozur və rəsmi Kişinyov Rusiya tədarükçüsünə qarşı arbitraj məhkəməsində iddia qaldırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Moldova Baş nazirinin müavini Andrey Spinu bildirib.
“Qazprom” bizə verilən qazı kəsməklə müqaviləni pozur. Arbitraja müraciət etmək və “Qazprom”un müqaviləni necə yerinə yetirdiyini yoxlamaq üçün hüquqşünaslarımız artıq bu qayda pozuntularını təhlil edirlər”, – deyə Spinu bildirib.
Eyni zamanda o, Moldova hakimiyyətinin “Qazprom”la müqaviləni saxlamaqda maraqlı olduğunu vurğulayıb:
“Biz hesab edirik ki, bu, yaxşı razılaşmadır”.
Qeyd edək ki, daha öncə “Qazprom” Moldova tərəfinin ödəniş öhdəliklərinin pozacağı təqdirdə qazın nəqlini tamamilə dayandıracağını bəyan edib.