ABŞ bütün risklərdən xəbərdardır, ona görə də Ukraynaya dəstəyini artırıb.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, indi Rusiya Ukraynada taktiki nüvə silahından istifadənin üç variantını nəzərdən keçirir:
“ABŞ və müttəfiqləri belə ssenarinin baş tutmaması üçün çalışır. Son vaxtlar Ukraynaya dəstəyin artırılmasının səbəbi də budur. Əgər həm Kreml Ukraynada məğlub olarsa, həm də Putinin həyatıyla bağlı təhlükə yaranarsa, bu artıq Rusiyanın özü üçün böyük təhlükə deməkdir. Buna görə də ABŞ müharibəni yaza qədər təxirə salmaq istəyir. Rusların nüvə silahına əl atmasına imkan verməmək üçün gərginləşmədən, sakit mübarizə aparmaq lazımdır”.
Romanenko həmçinin bildirib ki, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini öz torpağı kimi tanıması vəziyyəti gərginləşdirəcək nüanslardan biridir:
“Ukrayna bu vəziyyətlə razılaşmayacaq. Bu da Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edə bilər. Elə məhz bu hadisələrin baş verməməsi üçün ABŞ Ukraynaya son bir neçə həftədə daha fəal şəkildə kömək etmək qərarına gəlib. Amma bunu daha öncədən də edə bilərdi. ABŞ-ın Ukraynaya gec dəstək olması mülki şəxslərin və hərbçilərin ölümüylə nəticələnir”.