Fransa Prezidenti Emmanuel Makronun “Avropa ordusu” ideyası iflasa uğradıqdan sonra NATO fəallığını artırıb. Makronun bir neçə il əvvəl “NATO beyin ölümü keçirib” ifadəsinin də reallıqla əlaqəsi yoxdur. Təşkilat üzvlərindən Macarıstanı çıxmaq şərtilə, Şimali Atlantika Bloku Ukraynanı qorumaq strategiyasını gücləndirib.
AzerTimes xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əks olunub.
Mərkəzin analizində Ukraynaya hərbi texnika göndərən NATO ölkələrinin Kiyevə Rusiyadakı hərbi hədəfləri vurma icazəsi verdiyi vurğulanır:
“Niderlandda yerləşən F-35 qırıcı təyyarələri bu aydan başlayaraq, NATO-nun nüvə missiyasını həyata keçirəcək. Bu haqda NATO Baş katibi Yens Stoltenberq açıqlama verib. NATO-ya üzv dövlətlərinin müdafiə nazirlərinin Brüsseldəki toplantısında nüvə təhlükəsizliyi mövzuları müzakirə olunacaq. Eyni zamanda ABŞ-ın Avropadakı nüvə silahlarının moderləşdirilməsi də müzakirə olunan mövzulardandır. Buna səbəb Rusiya rəsmilərinin nüvə silahıyla bağlı hədələyici açıqlamalarının sayını artmasıdır”.
Analizdə NATO-ya üzv ölkələrdən Niderlandla Çin arasında yaranan gərginliyə də toxunulub:
“Çin qırıcıları Şərqi Çin dənizində “potensial təhlükəli vəziyyət” yaradaraq Niderland Kral Hərbi Dəniz Qüvvələrinin “HNLMS Tromp” freqatına yaxınlaşıblar. İki Çin qırıcısı Niderland hərbi gəmisinin üzərindən bir neçə dəfə uçub. Çin Tayvan adası ətrafında hərbi gəmilərinin və qırıcı təyyarələrinin sayını artırdıqca bölgədə gərginliyin artacağını proqnozlaşdırmaq olar”.