Moskva siyasi fəallığı olan insanları orduya cəlb etməmək üçün Mərkəzi Asiyadan minlərlə miqrantı Ukrayna ilə müharibəyə göndərir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“2024-cü il iyunun 27-də Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, Rusiya hakimiyyəti bu yaxınlarda Rusiya vətəndaşlığını qəbul etmiş və hərbi qeydiyyatda olmayan 30 min miqrantı müəyyən edib. Bastrıkin qeyd edib ki, onlardan 10 mini artıq Ukraynaya göndərilib. O, bu miqrantların arxa bölgələrdə səngər qazacaqlarını və başqa vəzifələri yerinə yetirəcəklərini iddia edib. Hazırda təhlükəsizlik qüvvələri, xüsusən də Mərkəzi Asiyadan olan miqrantlara qarşı qanuni təzyiq kampaniyası aparır. Onları vətəndaşlıq müqabilində Rusiya ordusuna yazılmağa çağırır və ya əks təqdirdə qondarma ittihamlarla həbs olunacaqları ilə təhdid edirlər”, – məlumatda deyilir.