Ermənistan hakimiyyəti ölkənin Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Ermənistanla Rusiya arasında münasibətlərin yenidən başlamasına ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atır. Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir. Rusiya Ermənistan səfirindən o qədər narazıdır ki, bu məsələ prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə edilirdi, lakin Paşinyanın etimadını qazanacaq və eyni zamanda Rusiya hakimiyyəti üçün məqbul olan namizədin seçilməsi problemi var idi. Bir sıra namizədlər müzakirə olunub. Görünür, erməni tərəfi Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan hazırkı deputatı Qurgen Arsenyanın namizədliyi ilə kifayətlənib. Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə namizəd isə Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurlarından biridir”, – məlumatda deyilib.
Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci il yanvarın 5-də təyin edilib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2018-ci il aprelin 6-dan vəzifəsini icra edir.