Rusiya Müdafiə Nazirliyi tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən təxribatıdır – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən
humanitar yardımla bağlı verilən açıqlamadan “Dağlıq Qarabağ”
ifadəsinin işlədilməsi qəbuledilməzdir və sözügedən təsisatın
bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən növbəti
təxribatıdır.

Bunu AzerTimes-a
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı
inzibati ərazi subyekti yoxdur və bu gerçəkliyi Rusiya Müdafiə
Nazirliyinin rəsmiləri də bilməmiş deyillər.

“Hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına
daxil olan ərazi subyektlərinin Azərbaycan dilində rəsmi adları var
və əgər Rusiya Müdafiə Nazirliyinin rəsmi mövqeyini ifadə edən
şəxslərdə Ukraynada uğradıqları uğursuzluqlara görə yaddaş
pozğunluğu yaranıbsa, Baş Qərargahın xəritələrinə, Azərbaycanla
Rusiya arasında imzalanmış sənədlərə nəzər salaraq yaddaşlarını
təzələyə bilərlər.

Rusiya Müdafiə Nazirliyinin təxribat körükləyən təmsilçiləri
başa düşməlidirlər ki, davamlı olaraq bu qəbildən olan
qıcıqlandırıcı bəyanatların verilməsi ilk növbədə onların təmsil
etdikləri hərbi təsisatın qeyri-ciddi obrazını yaradır və ikrah
doğurur”, – deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, bu kimi Azərbaycan-Rusiya əlaqələrinə xələl
gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq
yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin
gərginləşməsinə səbəb ola bilər ki, bunun da məsuliyyətini Rusiya
Müdafiə Nazirliyinin davamlı olaraq, separatçılığı stimullaşdıran
görəvliləri daşıyacaqlar.

“Bu gün dünyada baş verən hadisələrin fonunda Rusiya ilə normal
münasibət saxlamağa çalışan barmaqla sayılan ölkələrin
vətəndaşlarının, o cümlədən Azərbaycan xalqının səbrinin tarıma
çəkilməsi, mahiyyət etibarilə Moskvanın maraqlarına xidmət etməli
deyil.

Əks təqdirdə bu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə hörmətlə yanaşdığını ifadə edən öhdəliklərin yerinə
yetirilməməsi deməkdir və bu amil Rusiyaya olan etimadın bütün
dünyada itirilməsinə xidmət edir. Baş verənlərdə Azərbaycan
ərazilərindəki separatçı çaqqallarla baş-başa verib biznes quran
Rusiya sülhməramlılarının komandanı Volkovun rolu şübhəsizdir və bu
şəxsin davranışları onun missiyasının tez bir zamanda başa
çatdırılmasını zəruri edir. Əgər Rusiya Müdafiə Nazirliyinin
təmsilçiləri Ukraynada uğradıqları biabırçılıqdan olan-qalan
ağıllarını da itiriblərsə, bunun günahını Azərbaycanda deyil,
papaqlarının altındakı boş sahədə axtarsınlar”, – deyə E.Mirzəbəyli
əlavə edib.

Teqlər: