Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər, Prezident Vladimir Putinin ötən cümə günü imzalanan fərmanının mətninə əsasən, 4 iyulda qüvvəyə minib.
Konstitusiyanın mətni referendum nəticəsində qəbul edilmiş dəyişikliklə bu gün rəsmi internet portalında dərc edilib.
“12 dekabr 1993-cü ildə xalq səsverməsi ilə qəbul edildi, 1 iyul 2020-ci ildə keçirilən səsvermə zamanı dəyişikliklər təsdiq edildi”,- sənəddə deyilir.
Qeyd edək ki, Rusiya Konstitusiyasına dəyişikliklər haqqında qanun martın 11-də Dövlət Duması tərəfindən qəbul edilib və eyni gündə Federasiya Şurası tərəfindən təsdiq edilib. Sonra sənəd Rusiya Federasiyasının bütün subyektlərinin qanunvericilik məclisləri tərəfindən dəstəklənib. Qanun düzəlişlərin yalnız vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə qüvvəyə minəcəyini açıq şəkildə ifadə edib və bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib.
Dəyişikliklərə dair iyunun 25-də başlayan ümumxalq səsverməsi iyulun 1-dək davam edib. MSK-nın məlumatına görə, dəyişikliklərə səs verənlərin 77,92% -i dəstəkləyib, 21,27% -i əleyhinə səs verib, ölkədə ümumi səsvermə 67,97% təşkil edib.
Təklif olunan düzəlişlərin arasında Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən üstünlüyü, dövlətin ildə ən azı bir dəfə pensiyaların indeksləşdirilməsi öhdəliyi, tanrıdan və dövləti formalaşdıran rus xalqından bəhs edilən düzəlişlər, həmçinin hazırkı prezidentin növbəti müddətə yenidən seçilmək hüququ yer alıb.
Onu da qeyd edək ki, birçox aktyor və mədəniyyət işçiləri, xalq artistləri bu dəyişikliyin əleyhinə idi. Onlar “Biz rəqəm deyilik”- deyə video-müraciətlə xalqa səslənmişdilər.