Rusiya istənilən an Ermənistanı belə məhv edə bilər

Rusiya istənilən an Ermənistanı belə məhv edə bilər

Yunanıstan xarici işlər nazirinin Ermənistana səfərindən sonra səslənən fikirlər bir daha onu göstərir ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi potensialını bərpa etmək niyyətindədir. Məsələni analiz edəndə görünür ki, İrəvan bölgədə hərbi blok yaratmaq istəyir.

AzerTimes xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze deyib.

O bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrin bu layihəni reallaşdırması mümkün deyil. Çünki Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir:

“Əgər yeni yaradılacaq hərbi əməkdaşlıqda Rusiya və Azərbaycan əleyhinə gücün tətbiqi məsələsi düşünülürsə, bu məsələdə heç bir perspektiv olmayacaq. İndiyədək Ermənistan Qarabağ məsələsində heç bir uğura imza atmayıb. Azərbaycan ərazilərini işğalda saxladığı zaman da həmin torpaqlarda heç bir iş görməyib. Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə indi sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.

Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri prosesə müdaxilə edə bilmədi və ya etmədi. İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb. Azərbaycanın iqtisadi potensialının artdığını həzm edə bilməyən Qərb müxtəlif yollarla regionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq dəhlizə nəzarət imkanı qazanmaq istəyir”.

Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz:

“Təəssüf ki, indi Ermənistan hansısa addımlarla Rusiyaya meydan oxumaq istəyir. Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onun əlindədir və istədiyi zaman onu məhv edə bilər. Ona görə də düşünürəm ki, Ermənistanın bu addımı sadəcə diqqət çəkmək üçündür. Çünki dünya siyasi xəritəsinə baxanda ölkələrin yerləşdiyi coğrafiyanı aydın görmək mümkündür. Ona görə də hesab edirəm ki, bu, sadəcə gülməlidir”.

Politoloq deyir ki, Ermənistan rəhbərliyi sadəcə anlamalıdır ki, onların tək çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Bu da təbii ki, sülh müqaviləsinə imza atmaqdan keçir:

“Ermənistan sülh müqaviləsinə imza atmalıdır. Bununla da regionun inkişafında hər üç ölkə birgə iştirak edib orta dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər. Maraq doğuran digər məsələ Fransadır. Fransa ABŞ-ın pərdəarxası dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır. Çünki, onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa artıq əsrlər boyu bizim xalqlarımız arasında nifaq yarada bilməyəcəklər. Fransanın da bu cəhdi uğursuz olacaq”.

Teqlər: