Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. Məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasıdır.
Sazişdə təhdidlərin nədən ibarət olduğu qeyd olunur:
– dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;
– mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;
– terrorçuluğun təbliğatı və terror məqsədləri;
– dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;
– millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;
– vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.
Sazişə əsasən tərəflər təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi istiqamətində işləyəcəklər.
Saziş bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.
Saziş Azərbaycana nə verəcək?
Rusiyada Azərbaycanın suverenliyinə qarşı təhdidlərin informasiya sahəsində də mövcudluğu bəlli məsələdir, xüsusilə erməni lobbisi Bakıya qarşı informasiya müharibəsi aparır. Simonyançıların timsalında zaman-zaman bu təhdidlər gündəmə gəlir. Bunun fonunda Qarabağdakı separatçı-terrorçulara informasiya dəstəyinin verildiyi faktı da var. Sonuncu dəfə separatçıların qondarma “nazirinə” Ria-Novosti agentliyində platformanın verilməsi problemin ciddiliyindən xəbər verir.
Bu Saziş məhz belə təhdidlərin qarşısının alınmasına imkan yaradacaq.
Birincisi, Rusiya informasiya məkanında Azərbaycana qarşı irəli sürülən təhdidlər bloklanır;
İkincisi, Ermənistanın və erməni diasporu/lobbisinin Rusiya informasiya məkanında Azərbaycana qarşı fəaliyyəti məhdudlaşır;
Üçüncüsü, Qarabağdakı separatçıların Rusiya informasiya məkanına çıxışı və bu çıxışla özlərini “tərəf” kimi sırımaq cəhdlərinin qarşısı alınır;
Dördüncüsü, Azərbaycan yeni Sazişlə terrorçuluğa qarşı mübarizəni gücləndirir ki, bu da Qarabağdakı separatçı-terrorçuların neytrallaşdırılması prosesində mühüm rol oynaya bilər;
44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı addımları əsasən informasiya məkanına köçürülüb və bu prosesdə Rusiya informasiya resursları əsas platforma olaraq istifadə olunur. Hərbi cəbhədə döyüşü zəfərlə başa vuran rəsmi Bakı bu Sazişlə informasiya cəhbəsində də nəzarəti ələ alır.