Biz Rusiya ilə ticarət əlaqələrini dayandırsaq, bu, on minlərlə Gürcüstan vətəndaşının maraqlarına ciddi zərbə vuracaq.
AzerTimes xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, sözügedən qərar verilərsə, bu addım, iqtisadiyyatın pozulmasına gətirib çıxaracaq:
“Bizim Rusiya ilə həmişə, o cümlədən 2008, 2009, 2010, 2011, 2012-ci illərdə ticarət əlaqələrimiz olub, bu ticarət əlaqələri davam edir və bununla bağlı siyasətə heç vaxt yenidən baxılmayıb. Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi, təbii ki, vətəndaşlarımızın vəziyyətini xeyli ağırlaşdıracaq. Ümumilikdə (Rusiyadan) asılılıq 12 faiz təşkil edir ki, bu da bizim ticarət əlaqələrimizin çoxşaxəli olması deməkdir. Bu 12 faiz birdən-birə kəsilsəydi, on minlərlə, bəlkə də yüz minlərlə vətəndaşlarımızın, fermerlərimizin, kəndlilərimizin bilavasitə konkret gəlirdən məhrum olması demək idi. 2008-ci il müharibəsindən sonra da əvvəlki hökumət Rusiya ilə ticarət əlaqələrini kəsməyib, çünki bunda müəyyən məntiq var. Ticarət əlaqələrinin saxlanması vətəndaşlarımızın mənafeyinə xələl gətirməmək üçün müxtəlif yollarla vacib olub və qalır. İnanın ki, biz ticarət əlaqələrini kəsməklə Rusiyaya bir qram belə ziyan vurmayacağıq, lakin bu, Gürcüstanın on minlərlə vətəndaşının mənafeyinə ciddi zərbə vuracaq”.