Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AzerTimes-a verilən məlumata görə, Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yuryeviç Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir.
ASA-dan verilən məlumata görə, səfər çərçivəsində Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İ.Y.Yurgens ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib. Daha sonra rusiyalı sığortaçı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasında görüş keçirilib. Görüşdə ASA-nın müşahidə şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Ölkəmizin sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları, sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Görüş çərçivəsində sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Və əvvəlcədən əldə edilmiş razılığa əsasən Ümumrusiya Sığortaçılar Birliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında Memorandum imzalanıb.
Memorandumda qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda sığorta və təkrarsığorta prosesləri ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə konsultasiyaların təşkil olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təcrübənin öyrənilməsi və sığorta sahəsində yeni dünya trendlərinin ölkəmizdə tətbiqi məqsədilə ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə də Memorandum imzalamışdı.