Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti
barədə bəyannamənin qəbul edilməsi hər iki ölkənin inkişafı üçün
yeni perspektivlər açıb.
Trend-in
məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
keçirilən “Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə
iqtisadi əməkdaşlığın inkişaf potensialı” adlı tədbir zamanı
deyib.
Səfirin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya ikitərəfli
əməkdaşlığın yeni mərhələsindədir.
“Biz Azərbaycanda iqtisadi tərəqqini maraqla müşahidə edirik.
Biz bir müddət əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilmiş və ölkənin iqtisadi inkişaf nəticələrinin və hökumətin
qarşısında duran tapşırıqların müzakirə olunduğu iclasla bağlı
məlumatlarla tanış olmuşuq”, – deyə M.Boçarnikov bildirib.
Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində Azərbaycanla Rusiya
arasında ticarət dövriyyəsi 405 milyon dolları ötüb.
(Tərcümə: Orxan Nəbiyev)