Rusiya iki addım ata bilər: özünə də ziyan vuracaq

Rusiya iki addım ata bilər: özünə də ziyan vuracaq

11 Sentyabr terrorunu həyata keçirənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşı idi. Bu ölkə ABŞ-ın müttəfiqi olduğundan Vaşinqton Ər-Riyada qarşı tədbir həyata keçirmədi. Terroru Əl-Qaida lideri Üsamə Ben Laden planlaşdırmışdı, o isə keçmişdə Səudiyyə Ərəbistanı vətəndaşı olsa da, Əfqanıstan dağlarında gizlənirdi.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 11 Sentyabr teraktında iştirak edənlər Almaniya universitetlərində təhsil alan ərəb gənclər idi, Səudiyyə Ərəbistanının terrorla heç bir əlaqəsi yox idi:

“Eyni sözləri Moksvada terroru törədənlər barədə də demək olar. Terrorçular Tacikistan vətəndaşlarıdır. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya da Moskvada törədilən terrora görə Tacikistana qarşı hər hansı tədbir görməyəcək. Tacikistanın terror olayına aidiyyəti yoxdur.

Buna baxmayaraq, Moskvanın siyasi dairələrində iki mövzu gündəmə gətiriləcək. Birincisi, Rusiya ərazisinə daxil olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi və ya onların xüsusi qaydada yoxlanılması tələb ediləcək. İkincisi, başda paytaxt Moskva olmaqla, Rusiyanın şəhərlərində çalışan Mərkəzi Asiya vətəndaşlarının bir qisminin deportasiyası tələb ediləcək. Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi Mərkəzi Asiyada mənfi qarşılanacaq və bu, münasibətlərə mənfi təsir edəcək. Miqrasiya qaydalarının sərtləşdirilməsi isə Rusiyanın özünə əlavə problemlər yaradacaq. Rusiyanın miqrant işçilərə ehtiyacı var. Moskvadakı terror olayı təsdiq etdi ki, terror təşkilatları məhz Rusiyaya keçid üçün viza tələb olunmayan miqrantlar içərisindən tərəfdarlar seçir və onları qatilə çevirirlər. Bu olaylardan isə heç bir günahı olmayan, Rusiyada ağır işlərdə çalışaraq aiələlərinə cüzi maliyyə göndərmək məcburiyyətində qalan miqrantlar əziyyət çəkəcəklər”.

Teqlər: