Rusiyanın Qara dəniz Donanmasının “Project 22870” axtarış-xilasetmə yardımçı gəmilərindən biri iyulun əvvəlində Abxaziyada Oçamçira limanında görünüb.
AzerTimes xəbər verir ki, bu barədə “Naval Nyus” portalı peyk görüntülərinə istinadən məlumat dərc edib.
Qeyd olunur ki, bu, Rusiya Qara dəniz Donanmasının gəmilərinin bu bazada ilk yerləşdirilməsidir. Bundan əvvəl rus hərbçiləri Oçamçirada yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sahil müdafiə patrul katerlərini saxlayırdı.
“Ruslar axtarış-xilasetmə gəmisini Gürcüstanın işğal olunmuş ərazilərindəki limanlardan birinə köçürməklə, onu Ukrayna Müdafiə Qüvvələrinin hərbi-dəniz pilotsuz uçuş aparatlarının mümkün hücumundan qorumağa çalışıblar”, – nəşr bildirib.
Vurğulanıb ki, liman nisbətən kiçikdir, lakin burada bir neçə böyük döyüş, desant gəmisi və ya freqatın yerləşdirilməsi mümkündür. Bundan əlavə, sovet dövründə Oçamçira buxtasında sualtı baza da olub.