Rusiya Ermənistana “İskəndər-M” verməyibsə, Şuşada bu raketin qalıqlarının tapılması necə izah oluna bilər? – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minatəmizləmə əməliyyatları zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər” raketinin qalıqlarının tapılması Ermənistanın 44 günlük müharibədə “İskəndər – M” silahından istifadə etdiyini bir daha təsdiq edir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər – E” raket kompleksi verib:

“Qeyd edək ki, bununla müqayisədə “İskəndər – M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək uzaqlıqda məsafə qət edə bilir.

Sual olunur, əgər Rusiya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Ermənistan onda bu silahı haradan və necə əldə edib? Kim verib ona bu silahı?

Hərbi ekspertlərə yaxşı məlumdur ki, əgər bu raket partlasa idi, ətrafda böyük dağıntı törədər və böyük qırğına səbəb olardı. Ermənistanın bu silahdan əsas məqsədi də çoxlu sayda insanın ölümünə səbəb olmaq, azərbaycanlıların gözünü qorxutmaq idi. Ancaq Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı nəticəsində buna nail ola bilmədi.

Bu da reallıqdır ki, 44 günlük müharibə dövründə də Ermənistanın Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu, Gəncə, Bərdə, Tərtər şəhərlərini böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurdu. Məhz bu səbəbdən çoxlu sayda mülki insan qətlə yetirildi və yaralandı. Həmin dövrdə baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunur.

Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin, qadağan olunmuş silahlardan istifadə etdiyinin göstəricisidir.

Bu, cinayət əməlidir. Bu məsələyə beynəlxalq qurumlar ciddi reaksiya verməli, Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Ermənilərin bu hərbi cinayətləri törətməsinin səbəblərindən biri də bu əməllərin qınanılmaması və bu ölkəyə sanksiyaların tətbiq edilməməsidir”.

Teqlər: