Rusiya ermənilərə görə Bakıya qarşı… – Ekspert

Rusiya ermənilərə görə Bakıya qarşı… – Ekspert

Rusiya Ukrayna bataqlığının içərisindədir və belə vəziyyətdə Laçın yolunda sərhəd-keçid məntəqəsinə görə strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri gərginləşdirməyəcək, üstəgəl, Kremlin Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətindən narazılığı var.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sanksiyalar altında olan Kremlin Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi üçün Azərbaycanın dəstəyinə də ehtiyac duyur:

“ABŞ-ın bir qrup ermənipərəst konqresmeni Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı erməni separatçılarını “tanımaqla” bağlı Azərbaycanı hədələməyə çalışsalar da, rəsmi Vaşinqtonun da Kreml kimi Azərbaycana ehtiyacı var. Birincisi, Vaşinqton dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı İran rejimi qarşısında əsas sipərlərdən biri hesab edir. İkincisi, Rusiya qazından imtina edən Avropanın Azərbaycana möhtacdır və bu, ABŞ-ın da təhlükəsizlik maraqlarına xidmət edir. Avropadan da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı ünvanımıza yumşaq tənqidi açıqlamalar səslənsə də, Avropa Birliyi ölkələri Azərbaycan qazını Ermənistana və erməni separatizminə dəstəyə qurban verməyəcəklər. Azərbaycandan qaz alan və alacaq Avropa ölkələrinin sayı durmadan artır, Prezident İlham Əliyevin aprelin 25-də Bolqarıstana səfəri və Sofiyada imzalanan yeni sazişlər də buna dəlalət edir. İrana gəldikdə, Tehran Azərbaycana qarşı təxribatlar həyata keçirsə də, bizim Ermənistanla sərhədi nəzarət altına almamıza və Qarabağda qayda-qanun yaratmamımıza mane ola bilməyəcək.

Göründüyü kimi, müstəqilliyimizi qazandığımız 1991-ci ildən bu yana ilk dəfə mövcud beynəlxalq və regional şərait hədəflərə çatmaqda Azərbaycana münbit şərait yaradır. Ermənistan və erməni lobbisi aciz durumdadır, maliyyələşdirdikləri və dəstəklədikləri mərkəzlər Azərbaycanı yolundan döndərə bilmir. Belə vəziyyətdə Azərbaycanla sülh sazişi imzalamaq Ermənistana lazımdır. Biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik, önəmli olan Qarabağın tamamının nəzarət altına alınmasıdır”.

Teqlər: