Ukrayna Rusiyanın Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyil. Əməliyyatın məqsədi ukraynalıların həyatını xilas etmək və ərazisini Rusiyanın hücumlarından qorumaqdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy deyib.
Onun sözlərinə görə, təkcə Kursk ərazisindən Sum vilayətinə 2000-dən çox raket zərbəsi endirilib:
“Uzaqmənzilli raketlərdən atəş açmağa icazə verilmədiyi üçün Ukrayna mürəkkəb vəziyyətlə üzləşib. Bununla belə, ordu müdafiə məqsədilə bütün zəruri tədbirləri həyata keçirəcək. Avropanın sivil hərbi birləşməsi olan Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir. Buradakı əsas hədəflərimiz hərbi obyektlər, eləcə də onların hərbi kontingentidir. Ölkəmizə müharibəni Rusiyanın gətirdiyi üçün indi də döyüşlərin onun ərazisində davam etməsi tamamilə ədalətli addımdır”.
Tixiy bildirib ki, vəziyyətin sabitləşməsi üçün rəsmi Moskva ədalətli sülhün bərqərarına razılaşmalıdır.