“Lanset” zərbə dronları Rusiya ordusunun bəlkə də ən ölümcül və effektiv silahı hesab olunur. Ruslar onlardan xüsusilə 2023-cü ilin yayında cəbhədə fəal şəkildə istifadə etməyə başladılar ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün çox problem yaratdı. Bu uğurun fonunda ruslar bu PUA-ların istehsalını sürətlə artırmağa başladılar, lakin son vaxtlar nəsə düz getmədi.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Artıq 2023-cü ilin sentyabrından rusların “Lanset”lərdən istifadəsi iyulla müqayisədə kəskin azaldı. Bu da rus ordusunun döyüş qabiliyyətinə ciddi zərbə vurdu. Ukraynanın “Molfar” araşdırma qrupu rusların “Lanset”lə bağlı probleminin səbəblərini açıqlayıb. Məlum olub ki, Ukrayna ordusu avqustun 9-da Moskva vilayətindəki Zaqorsk optik-mexanika zavoduna dronlarla zərbələr endirib. Bu zavod optik və optik-elektron qurğuların istehsalı ilə məşğuldur. Ola bilsin ki, zavod “Lanset” istehsalçılarını qurğularla təmin edirdi. Hücum zamanı zavodda olan 30 nəfər yaralanmış, müəssisənin özünə isə ciddi ziyan dəymişdi. Moskva həmin vaxt hadisə ilə bağlı heç bir məlumat verməmişdi. Bu hadisədən əvvəl isə Rusiya ordusunu partlayıcı ilə təmin edən “Piro Ross” şirkəti PUA hücumuna məruz qalmışdı. Məhz bu partlayışlardan sonra “Lanset” istehsalı xeyli aşağı düşdü”, – məlumatda qeyd olunub.
“Forbes” bildirib ki, “Lanset”lərlə ən çox iyul-avqust aylarında hücum edilib. Bu müddət ərzində müvafiq olaraq 135 və 126 “Lanset” istifadəsi qeydə alınıb. Sentyabrda isə bu rəqəm birdən-birə 59-a düşüb. “Lanset”lərin əvvəlki istehsal tempini ruslar yalnız 2024-cü ilin yanvarında bərpa edə biliblər.