Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycanda səfərdədir

Xəbər - Çingiz Səfərli – Trend:

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.

Bu barədə AzerTimes-a AMEA-dan məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, REA-nın prezidentinin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, REA-nın prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxildir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında REA nümayəndə heyətini AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və vitse-prezident, akademik İbrahim Quliyev qarşılayıblar.

Səfər çərçivəsində REA nümayəndə heyətinin AMEA-da ölkənin elmi ictimaiyyəti ilə görüşü və iki qurum arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanması planlaşdırılır. Yol Xəritəsi birgə qabaqcıl elmi və texnoloji tədqiqatların təşviqi, hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, gənc alimlərə və istedadlara dəstək göstərilməsi, alimlərin mobilliyinin optimallaşdırılması, eləcə də hər iki ölkənin elm, innovasiya və təhsilinin cəmiyyətə və iqtisadiyyata inteqrasiyasının həyata keçirilməsi məqsədini daşıyır.

Üç günlük səfər çərçivəsində AMEA-nın elmi-tədqiqat müəssisələri və burada aparılan tədqiqatlar, kadr hazırlığı, yaradılmış maddi-texniki şərait, ən son avadanlıq və texnologiyalarla təchiz edilmiş, müasir tələblərə cavab verən laboratoriyalarla tanışlıq nəzərdə tutulur.

Teqlər: