Şimali Koreya ilə ABŞ arasında gərginliyin get-gedə artması, iki ölkənin müharibə bəyanatlarını səsləndirməsi qonşu ölkələri də narahat etməyə başlayıb.
Rusiya da artıq plan hazırlıqlarına başlayıb. Havadan müdafiə sistemləri hazır vəziyyətə gətirilib.
Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Ozeryov ordunun Uzaq Şərq bölgəsindəki sistemləri hazırlıq vəziyyətə gətirdiklərini deyib. “Hazırda Şimali Koreya ətrafında yaşanan hadisələr narahatlığımıza səbəb olub. Torpaqlarımızı qorumaq üçün əlavə tədbirlər almağımızın gərəkdiyini anlamağımıza yol açıb. Uzaq Şərqdəki havadan müdafiə sistemləri və hava kosmik qüvvələri gücləndirilib.
Bölgədə baş verən hadisələri yaxından izləyirik. Raketlərin atıla biləcəyi bölgələrə daha çox diqqət ayırmışıq”.
Çin də mövqeyini ortaya qoyub. Ölkə rəhbərliyi ilk hücum edənin Pxenyan olacağı təqdirdə tərəfsiz qalacağını açıqlayıb. Kommunist Partiyasının rəsmi qəzeti olan “Global Times”da yer alan yazıda qeyd edilib ki, ölkənin maraqlarına ziyan olan hücumlara cavab veriləcək.
“Əgər Şimali Koreya ballistik raketlərlə ABŞ torpaqlarını hədəf alsa,Vaşinqtonda bunun cavabını versə rəsmi Pekin tərəfsiz qalacaq. Yox əgər ABŞ və Cənubi Koreya ilk atəş açan tərəf olarsa, Koreya yarımadasında rejim dəyişikliyinə cəhd edər, bölgədəki siyasi quruluşu dəyişdirməyə çalışarlarsa Çin buna icazə verməyəcək”.
Rəsmi Pekin buna baxmayaraq adıçəkilən yarımadada nüvə fəaliyyətinə də qarşı olduğunu açıq şəkildə izah edib.
Şimali Koreya ilə ABŞ arasında münasibətlər bir müddət öncə – iyulda növbəti ballistik raket sınağından sonra gərginləşib. Buna səbəb isə birincinin nüvə fəaliyyəti olub. Belə ki, Donald Tramp koreyalı həmkarı Kim çen Inı “dünyada görünməmiş atəş və hiddət”lə hədələyib. Kimin cavabı isə gecikməyib və Quamdakı ABŞ hərbi bazalarına hücum planı hazırlandığı bildirilib. Plana görə, Şimali Koreya bazalar olan adanın yaxınlığına 4 “Xvanson-12” raketi atacaq. Raketlər adaya 17 dəqiqədə çatacaq.
Qeyd edək ki, Kim Çen Inın hədəfində olan Quamda Amerikanın Anderson aviabazası və Apra Xarbor hərbi dəniz bazası var. Buradakı amerikalı hərbçi sayı isə 7 mindir. Adanın ümumi əhalisi 160 min civarındadır.