Putinin çıxışı çox vacib idi. Çünki Priqojinin fəaliyyəti uzun illər boyu şəxsən onunla bağlı olub. Ukrayna müharibəsi dövründə Priqojinin Rusiya Silahlı Qüvvələrinin rəhbər heyətinə qarşı olan hərəkətləri və bəyanatlarını Putinin planının tərkib hissəsi kimi qiymətləndirirəm.
Bu sözləri AzerTimes-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiyada baş verənlərlə bağlı danışarkən deyib.
“Bu gün isə Putin ilk dəfə olaraq Priqojinin fəaliyyətini “xəyanət” kimi dəyərləndirdi və xəyanətkarların məhvi ilə bağlı əmr verdi. Bu da o deməkdir ki, vəziyyət tam olaraq nəzarətdən çıxıb. Eyni zamanda bu vəziyyətdə silahlı toqquşmalar qaçılmaz olacaq. Ölkədəki hərbi üsyanları yatızdırmaq üçün dövlət olaraq iki vacib struktur var: Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Xidməti. Eyni zamanda nəzərə almaq lazımdır ki, Priqojinin 25 minlik ordusu var və onlar peşəkarlardır. Ordu da münaqişəyə qoşula bilər. Çünki ordu birləşmələri Ukrayna cəbhəsindədir. Rostov, Voronej və digər vilayətlər də cəbhəyə yaxındır.
Vəziyyət olduqca gərgindir. “Vaqner” müqavimət göstərəsə, Ukrayna cəbhəsində Rusiya zəifləyəcək. Eyni zamanda daxildə də mövcudiyyət rəqabəti daha çox qan və can aparacaq”, – F.Məmmədov bildirib.