
Rusiya müharibəni davam etdirməyə hazırdır, lakin gələn il hərbi xərcləri artırmağı planlaşdırmır. Baxmayaraq ki, əvvəlki illərdə müharibəyə federal xərcləri ÜDM-in 8%-ə çatdıraraq, davamlı olaraq artırdılar.
AzerTimes xəbər verir ki, bunu İsveç əsilli amerikalı iqtisadçı və diplomat Anders Aslund deyib.
O bildirib ki, Ukrayna ÜDM-nin 50 faizini müharibəyə xərcləyir:
“Bu, açıq şəkildə göstərir ki, Ukrayna üçün bu müharibə öz mövcudluğu uğrunda mübarizədir. Putin üçün müharibənin şəxsi ekzistensial ölçüsü ola bilər, lakin bütövlükdə Rusiya üçün yox. O, artıq hərbi xərcləri əhəmiyyətli dərəcədə artıra bilmir, çünki Rusiya cəmiyyəti bu müharibə üçün böyük qurbanlar verməyə hazır deyil”.
Diplomat əlavə edib ki, bu qərarın nəticəsi Rusiyanın uzunmüddətli müharibə rejiminə keçməsidir:
“Əsas diqqət hərbi səylərin genişləndirilməsinə deyil, onların hazırkı səviyyədə saxlanmasına yönəlib”.
Eyni zamanda o, Rusiyanın növbəti səfərbərlik dalğası həyata keçirəcəyi fikrinə də şübhə ilə yanaşır.

