Rusiya buna görə məğlub olur – Türk general

Rusiya buna görə məğlub olur – Türk general

Rusiya ordusunun əlində olan silah-sursat, hərbi texnika və aviasiya tamamilə yararsız olmasa da, müasir dövrün tələblərinə cavab vermir. Çünki orduda 1990-cı ildən əvvəl istehsal olunan silahlardan istifadə olunur.

Bu sözləri AzerTimes-a Rusiyanın Ukraynada məğlub olması səbəbləri haqqında danışan Türkiyə Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş deyib.

General Ukrayna müharibəsindən əvvəl Liviya, Suriya və Qarabağda Rusiyanın hərbi təchizat baxımından zəif olduğunun üzə çıxdığını vurğulayıb:

“Bizim qüvvələrimiz Liviyaya göndərildiyi zaman Rusiyanın da orada dəstəklədiyi “Vaqner” var idi. Türkiyənin təlim verdiyi və silah-sursat, hərbi texnika dəstəyi göstərdiyi Liviya ordusu ilə döyüşdə vaqnerçilər məğlub edildi. Liviya mərkəzi hökuməti ölkə ərazisinin yalnız 6 faizinə nəzarət edirdi, 94 faiz ərazi isə qarşı tərəfin əlində idi. Lakin hazırda mərkəzi hökumət ölkə ərazisinin əlli faizinə nəzarət edir. Əlbəttə, burada Türkiyənin verdiyi hərbi təlimlərin və dəstəyin rolu danılmazdır. Sonra Silahlı Qüvvələrimiz Rusiyanın silah-sursat və hərbi texnikalarla təchiz etdiyi qrupları çox böyük uğurla darmadağın etdi. Arxasından İkinci Qarabağ müharibəsi başladı və Azərbaycan Silahlı Qüvvələri tamamilə Rusiyanın silahları təchiz olunmuş Ermənistan ordusunu darmadağın edərək böyük bir zəfər qazandı.

Yəni sadaladığımız toqquşmalarda Rusiya silahlarının, hərbi texnikasının və aviasiyasının zəifliyi açıq şəkildə özünü göstərdi. Rusiya Ukraynada müharibəyə girmədən öncə bütün bunları düşünməli idi. Əvvəl Ukraynanın əlindəki silahlar zəif idi, amma sonra Rusiya ordusu ABŞ başda olmaqla, Qərbin Kiyevə verdiyi müasir silahların, müdafiə sistemlərinin qarşısında duruş gətirə bilmədi. Sonra Moskva nüvə silahından istifadəni gündəmə gətirdi. Ancaq nüvə silahlarından da istifadə çox çətin olduğu üçün hazırki vəziyyət formalaşdı. Misal üçün deyə bilərəm ki, Rusiyanın Hava Qüvvələri yüksək məsafədən atəş edə bilmir. Belə ki, hərbi təyyarələrdə lazer bələdçisi olmadığı üçün alçaq məsafədən atəş açmağa məcbur olur və “Stinger” sistemləri üçün asan ova çevrilir. Müharibədə bu qədər qırıcı təyyarə və helikopter itirmələrinin səbəbi də budur. Helikopterlər ümumiyyətlə zəif olduqları üçün asan hədəfə çevrilir. Rusiya hərbi birliklərinin sürətli yerdəyişməsini, dislokasiyasını da həyata keçirə bilmədi. Bütün bu və digər səbəblər Rusiyanın məğlub olmasına və işğal etdiyi əraziləri itirməsinə gətirib çıxartdı”.

Teqlər: