Rusiyanın dövlət büdcəsində 4 trilyon rubl kəsir yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə MMI Teleqram kanalı məlumat yayıb.
“2023-cü il fevralın ortalarına olan məlumata əsasən, ilin əvvəlindən Rusiya büdcəsinin xərcləri 4,92 trilyon rubla, gəlirləri isə 951 milyard rubla çatıb. Bu, demək olar ki, 4 trilyon rubl kəsir deməkdir.
Büdcə kəsirinin illik planı 2,9 trilyon rubl və ya Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) 2%-ni təşkil edir. Bunu daha öncə ölkənin maliyyə naziri Anton Siluanov da deyib.
Yanvarda büdcədən gün ərzində orta hesabla 100,5 milyard rubl xərclənibsə, fevralda gündəlik xərclər 113 milyard rubla yüksəlib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, gündəlik xərclərin səviyyəsinin 100 milyard rubla qədər azalması və bu ilin sonunda gəlir planının yerinə yetirilməsi ilə kəsir 10 trilyon rubldan çox ola bilər.