Rusiya tezliklə Ermənistana iqtisadi sanksiyalar tətbiq edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu barədə siqnallar artıq qeyri-rəsmi olaraq Moskvadan Ermənistanın ən mühüm iri biznes strukturlarına ötürülüb:
“Bu, ilk növbədə, Paşinyana və komandasına yaxın olan şirkətlərə və müəssisələrə təsir edəcək. Amma bu və ya digər şəkildə çətin olacaq və hamı bundan təsirlənəcək”, – məlumatda qeyd olunub.
Səbəb isə İrəvanın Qərbə üz tutması göstərilir:
“Biz həmçinin Yuxarı Lars keçid məntəqəsindən keçərkən gecikmələrdən, bəzi növ erməni məhsullarına Rusiya bazarının bağlanmasından, vergi və digər sanksiyalardan danışacağıq. Bütün bunlar ermənilərə Qərbə yaxınlaşmanın nəticələrini göstərmək üçün edilir”.
Daha sonra bildirilir ki, Rusiya hakimiyyəti Brüsseldəki üçtərəfli görüşün nəticələrini gözləyir, ondan sonra Ermənistan hakimiyyətinin seçimi aydınlaşanda bu addımlar əməli formada olacaq.