Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanlanan təbrik məktubları ölkəmizin yüksək beynəlxalq nüfuza malik olmasından xəbər verir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir və regionun lideri, beynəlxalq təşəbbüslərin müəllifi olan ölkəmiz əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz yerini gücləndirib: “Azərbaycan dünyada öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan çox ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan xəbər verir. Bu, eyni zamanda ölkəmizin genişlənən əməkdaşlığının göstəricisidir”.
Deputatın sözlərinə görə, Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu şəkildə dünyanın siyasi xəritəsində öz status və rolunu artırıb: “İkinci Qarabağ müharibəsindəki əldə etdiyimiz qələbədən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həmçinin Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Bu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu bir daha bütün dünyaya göstərdi. Çin və ABŞ Azərbaycanla əlaqələrinin güclənməsində maraqlı olduğunu ortaya qoydular”.
Bütün liderlərin cənab Prezidentə ünvanladığı təbriklərin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Naqif Həmzəyev, Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunun detallarına diqqət çəkib:
“Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. Vladimir Putin Azərbaycanın dünyada yüksək nüfuz qazandığını qeyd edib. O, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycanla mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcək.
Azərbaycanla Rusiya arasındakı strateji əməkdaşlığın çox yaxşı və uğurlu nəticələr verdiyini xüsusi vurğulanır. Sabitliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan birgə əməkdaşlığı davam etdirəcəklər”.