2020-ci ildən üzü bəri Azərbaycanın atdığı addımlar, ərazi bütövlüyü və suverenliyimizin bərpası Rusiyanın bölgəmizdə zəifləməsinin təməlini qoydu, 2023-cü il sentyabr antiterror əməliyyatı isə bu prosesi dəfələrlə sürətləndirdi. Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi, bunun ardınca Kremlin Paşinyana hədiyyə kimi İrəvan hava limanından öz sərhədçilərini və 2021-ci ildə Azərbaycan sərhədinə yığdığı əsgərlərini geri çəkməsi Kreml adına zəiflik göstəricisidir.
AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
O, Moskvanın bu addımları niyə atdığı və ya atmağa məcbur olduğu sualına bu cür cavab verib:
“Sualın əsas cavabı, təbii ki, Rusiyanın Ukraynaya təcavüzü, bu müharibənin 2 il 3 aydır davam etməsidir. Kremlin özü, hətta istənilən beynəlxalq beyin mərkəzi, istənilən ölkə Ukraynanın bu qədər davam gətirəcəyinə inanmırdı, bütün hesablar daha qısa müddət üçün hazırlanmışdı – amma hesablar tutmadı. Kəskin şəkildə artan beynəlxalq qarşıdurma Rusiyanı “yaxın, dost ölkə” axtarışından “heç olmasa, düşmən olmayan ölkə” modelinə keçməyə məcbur etdi. Bu gün Qazaxıstan, Qırğızıstan belə Rusiyanın MİR bank kartlarını bloklayır, Qərb ölkələri ilə açıq dialoq qurub stateji sənədlər imzalayırlar. Bütün bunlar 5 il əvvəl mümkünsüz idi – bu gün Rusiyanın durumu artıq başqa reallıqlar diktə edir.
Amma bu bizi, Şimal Ayının qonşularını arxayınlaşdırmamalıdır – Kreml yeni stateji yola baş vurub, Ukrayna məsələsini “nömrə 1” elan edib, bütün güc və enerjisini bu müharibədə məğlub olmamağa, əldə etdiyini isə stateji qalibiyyət kimi təqdim etməyə köklənib. Bunun fonunda da Qərblə yeni təhlükəsizlik anlaşmasına gedə bilsə, yəni yeni “Yalta-Potsdam” kimi bir anlaşma olsa, Rusiya keçmiş post-sovet məkanına daha azğın şəkildə dönəcək. Kreml düşünür ki, Ukraynada uğur qazansa, nə Ermənistan, nə Orta Asiya heç yerə gedən deyil, özləri daha yaxın olmaq üçün növbəyə düzüləcəklər.
Bu mənada Azərbaycanın durumu, şükür ki, daha yaxşı və fərqlidir. Qardaş Türkiyə ilə bağlanmız stateji ittifaq, Şuşa Bəyannaməsi, həmin sənədin qarşılıqlı müdafiə öhdəliyi bizim üçün çox yaxşı bir qalxan rolunu oynaya bilər.
Bu gün Gürcüstanın, Ermənistanın, Orta Asiya respublikalarının yeni təhlükəsizlik “çətiri” axtarışları həm də indiki qeyri-müəyyənliklə bağlıdır. Ukrayna tam qalib gələ bilməsə də, ən azı uduzmamalıdır ki, Ayının iştahı qabarmasın…”