Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.
AQTA-dan AzerTimes-a bildirilib ki, bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən bu ölkəyə məhsul ixracına icazə verilib. Hazırda yeni müəssisələrin icazəsinin alınması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Bakıda və ölkəmizin digər regionlarında fəaliyyət göstərən müasir, beynəlxalq standartlara uyğun olan və Rusiya Federasiyasına məhsul ixrac etmək istəyən yeni fəaliyyətə başlamış pomidor istehsalı müəssisələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185b, (Koroğlu metrostansiyasının yaxınlığı)
Tel.: (012) 565-12-72 (daxili 238)
E-poçt: [email protected]