Rusiya ABŞ-a kəskin etirazını bildirib

Fevralın 28-də Rusiya Federasiyası xarici işlər nazirinin
müavini S.A.Ryabkov ABŞ-ın Moskvadakı səfiri C.Sallivan ilə
görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat
xidmətindən bildiriblər.

“Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəlikləri yaxınlığında
düşmən fikirli elementlərin aksiyaları və xarici diplomatik
nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olan ABŞ hüquq-mühafizə
orqanlarının bir sıra aksiyalarda fəaliyyətsizliyi ilə bağlı səfirə
kəskin etiraz edilib. Vaşinqtonun beynəlxalq öhdəliklərə uyğun
olaraq, Rusiyanın xarici nümayəndəliklərinin toxunulmazlığının
təmin edilməsi, onların əməkdaşlarının və ailə üzvlərinin həyat və
sağlamlığının qorunması üçün təcili olaraq kompleks tədbirlərin
görülməsi tələbi səsləndirilib”, – deyə XİN-dən bildirilib.

Qeyd edilib ki, həmçinin hərbi-siyasi sahə də daxil olmaqla
ikitərəfli gündəlikdəki bəzi digər məsələlərə toxunulub.