Ermənistanda antirusiya əhval-ruhiyyəsi fonunda Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışdığına dair xəbərlər ciddi vüsət alır. Bu, özünü təkcə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması və İrəvanın KTMT-dən çıxması tələbləri şəklində deyil, həm də praktik addımlarda göstərir. Məlumdur ki, Ermənistan və Rusiyanı təkcə strateji müttəfiqlik əlaqələri deyil, həm də iqtisadi əlaqələr birləşdirir. Metsamor AES-i, Ermənistan dəmir yollarını rus şirkətləri idarə edir, qaz təchizatı Rusiyanın “Qazprom” şirkəti tərəfindən təmin edilir, Ermənistanın elektrik şəbəkələri rus-erməni biznesmen Samvel Karapetyana məxsusdur. Ermənistanda dağ-mədən sənayesinin böyük bir hissəsi Rusiya kapitalı tərəfindən idarə olunur. Rusiyanın Ermənistandan sıxışdırılması prosesinin başlanğıcı ZPMK (Zəngəzur Mis-Molibden Kombinatı – red.) payının bir hissəsinin Ermənistan hökumətinə verilməsi hesab olunur. Bu da könüllü deyil, məcburi şəkildə baş verib. Teleqram kanallarında da Rusiyanın Ermənistanın iqtisadiyyatından sıxışdırılması ilə bağlı yazılar dərc olunub. Xüsusilə qeyd olunub ki, ABŞ bu işə Paşinyanın varisi hesab edilən Tiqran Avinyanı təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Erməni politoloqları hesab edir ki, Rusiya şirkətlərinin Ermənistandan çıxarılması riskləri çox yüksəkdir:
“Siyasi dairələrdə “Qərb, yoxsa Kreml?” mövzusunda ciddi fikir ayrılığı var. Onların bir qismi hesab edir ki, Rusiya şirkətlərinin Ermənistanın enerji sektorundan sıxışdırılması İrəvan üçün ciddi nəticələrə səbəb olacaq. İlk növbədə, Ermənistan iqtisadiyyatı çökə bilər. Çünki indi onlar qazı 178 dollara alır, halbuki Avropada orta qiymət min kubmetr üçün 1200 dollardır. Eyni şey atom elektrik stansiyasına da aiddir, çünki Rusiya dünyada uranla işləyən atom elektrik stansiyalarının demək olar ki, 30-40%-ni uranla təmin edir. Rusiyanın mövqeyi çox güclüdür və ABŞ-ın eyni atom elektrik stansiyaları Rusiyanın zənginləşdirilmiş uranı ilə işləyir. Rusiyaya qarşı uranın alqı-satqısından başqa bütün sanksiyalar tətbiq olundu. Ermənistanın Rusiya qazından, uranından asılılığı böyükdür və Qərb bunu əvəz edə bilməz. İndi Ermənistanın apardığı siyasət ölkə üçün çox pis sonlana bilər. Ermənistan isə bu sonlanmaya öz töhfəsini verir. İndiki hakimiyyət Qərblə, Rusiya və ümumiyyətlə hər kəslə oyun oynayır. Hamıya nəsə vəd verir və amma icra etmir. Ermənistan bu böyük oyunçular arasında kiçik bir sikkə kimi istifadə edilir. Hazırda kifayət qədər zəif və sütunsuz siyasi hökumət olduğuna görə hamı bundan istifadə edir”, – təhlildə deyilir.