Sosial şəbəkələrdə rusiyalı milyarderlər Roman Trotsenko və Nikolay Matuşevskinin səs yazısı yayılıb.
AzerTimes xəbər verir ki, səs yazısında milyarderlər Rusiyada vəziyyətin acınacaqlı olduğunu xüsusi vurğulayıblar.
“Mənim üçün son vaxtlar Rusiyada çox ağır idi. Nələrsə düzgün deyil”, – Matuşevski bildirib.
Trotsenko isə cavabında ona deyir ki, Rusiyada nələrin olduğunu xatırlamağa dəyməz, çünki onlar yoxdur və bundan sonra da olmayacaq. “Yeni yerlər”də (başqa ölkələr nəzərdə tutulur – red.) nəsə tapmaq lazımdır:
“Rusiyada 10 il ərzində hər şey iki dəfə azalacaq. Bunun sonu yaxşı qurtara bilməz, cəhənnəmlə bitəcək. İnsanlar Moskva küçələrində bir-birini doğrayacaq, öldürəcək. Bu, sadəcə zaman məsələsidir, nə vaxtsa, baş verəcək. Yeganə ideologiyasının pul qazanmaq və hakimiyyəti bir qrup adamın əlində saxlamaq olduğu bir ölkə necə yaşaya bilər?”
Matuşenko ad çəkməsə də, Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edib:
“Qulaq asın, siz həqiqətən də hesab edirsiz ki, hər dəfə və hər il eyni şeyi təkrarlayan bu adam ölkəni idarə edə bilər? Deyir ki, bu, pis il idi, biz dözdük. Son illər, xüsusilə 2014-cü ildən sonra biz bütün düşmənlərimizə qalib gələcəyik. Onlar nə vaxtsa öləcək və geridə heç nə qoymayacaqlar. Bu, sadəcə olaraq yandırılmış səhra olacaq”.
Qeyd edək ki, hər iki milyarder səs yazısının feyk olduğunu iddia edib. Rus ekspertlər isə “əlbəttə ki, bunu təsdiq etməyəcəklər” deyə açıqlama veriblər.