Rus hərbi ekspertin işarəsi: daha 6 kəndimiz işğaldadır – Video

Rus hərbi ekspertin işarəsi: daha 6 kəndimiz işğaldadır – Video

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Kuklalar Tuttinin davamçılarıdır” proqramının “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı buraxılışında rusiyalı hərbi ekspert Aleksandr Artamanovun Zəngəzurda Azərbaycanın 6 kəndinin işğalda olduğunu açıq şəkildə bildirməsi, nədənsə, azərbaycanlı ekspertlərin diqqətindən yayındı.

AzerTimes xəbər verir ki, A.Artamanov bu sözlərlə qətiyyən Qazaxın 7, Naxçıvanın 1 kəndinə işarə etmirdi. Belə ki, Ermənistanda rus hərbi bazalarından əlavə 4 min rus sərhədçinin olduğunu xatırladan Artamanov xüsusi vurğuladı ki, Zəngəzurda 6 kəndi də Azərbaycan tələb edərsə, KTMT (Ermənistandan çıxacağı təqdirdə) onları necə qoruyacaq?

A.Artamanov bu fikri məhz “rus sərhədçilərin Ermənistan sərhədini qoruması” kontekstində dilə gətirmişdi. Nəzərə alsaq ki, Rusiya hərbi ekspertinin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında hələ də ictimaiyyətə açıq olmayan dəqiq xəritələrə çıxışı var, onda bu fikirlər tam ciddiyə alınmalıdır.

Bəs, söhbət hansı kəndlərdən gedir?

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə bu mövzuya 90-cı illərin sonunda toxunmuşdu və Nüvədi kəndi haqda danışmışdı. Orada Heydər Əliyev məxsusi olaraq bildirir: “İndi bizi Naxçıvandan ayıran 40-46 km-lik – dəmiyolla getsək – Ermənistanı İrana bağlayan məsafə – o vaxt hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi! Biz dünən xəritə ilə baxırdıq. O, təxminən, 10 km olubdur. Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər əldən alınıb, bu tərəfdən – yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası idi – kəndləri, torpaqları alaraq, Ermənistana qataraq, 10 km məsafəni 46 km ediblər”.

Heydər Əliyev 1922-23-cü ildə başlayan bu prosesin Nüvədi kəndinin 1929-cu ildə Ermənistana verilməsi ilə davam etdiyini də xatırladır.

Beləliklə, hətta Sovet Azərbaycanının ərazisi təsdiqlənəndən, SSRİ yaradılandan sonra bu proses gedib.

Bəs, söhbət hansı kəndlərdən gedir və niyə məhz 6 kənd?

Bir daha vurğulayaq ki, Artamanov rus sərhədçilərin “məsuliyyət zonasından” danışarkən, Zəngəzurdakı 6 kəndə işarə edir və təbii ki, diqqət İranla sərhədə yönəlir.

Heydər Əliyevin bu istiqamətdə ən böyük, çoxminli əhalisi olan Nüvədi kəndinin adını çəkib və bu, artıq məlumdur.

Digər kəndləri isə xəritə əsasında bu cür təxmin edirik:

2. Aldərə: “al” və “dərə” sözlərindən yaranıb, “qırmızı dərə” mənasındadır. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.

İlk erməni təcavüzündən sonra kənd boşalmışdı, sonradan – sağ qalanlar 1922–1924-cü illərdə kəndə qayıtmışlar. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşamışdır, kənddə bir nəfər də olsun erməni olmamışdır. 1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri — azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

3. Kiğı (Kiçik Sofulu): türk mənşəli kiği — kiğili etnonimi əsasında yaranmışdır. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Kiğı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofuludur.

1979-cu il siyahıyaalınmasına görə, kənddə 1115 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur.

4. Maralzəmi – kənddə 1831-ci ildə 18 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.1922-ci ildən geri qayıtmışlar. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır.

5. Seyidlər – kənddə 1831-ci ildə 36 nəfər, 1873-cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904-cü ildə 439 nəfər, 1914-cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. 1922-ci ildən sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında qovulmuşlar.

6. Lehvaz – türk dilində “sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ” mənasında işlənən bayz//bays[8] sözündən[9] əmələ gəlmişdir, “düzən yerdə tirə, təpəcik, hündür yer” mənasında işlənib.

Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur. 1922-ci ildən sağ qalanlar geri qayıdıb: 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər, 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında qovulmuşlar.

Göründüyü kimi, bu kəndlər və onlara məxsus torpaq sahələri 1922-29 və daha sonra Ermənistana birləşdirilmişdir. Bu birləşmənin hətta 1960-cı illərə qədər davam etdiyi də istisna edilmir.

Ona görə də rus hərbi ekspert Artamanov həmin kəndlərə Azərbaycanın iddia edə biləcəyini vurğulayır.

Bütün bunlar isə Ermənistan Baş naziri Nikol Paşinyanın 1975-ci il xəritələri ilə delimitasiyaya niyə çalışdığı və bunu niyə hər dəfə gündəmə gətirdiyinin səbəbini izah edir.

Ancaq Hetdər Əliyevin məşhur çıxışından görünür ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev hələ 90-cı illərdə dövlətə bəlli olan xəritələrlə iş aparmış və milli strategiyanı müəyyən etmişdir. Dəqiq xəritələr, əhali məskunlaşması, tarixilik üzərində qurulan bu milli strategiyanın hədəfi isə düşündüyümüzdən daha genişdir.

Qeyd: Qərbi Azərbaycan İcması da daxil olmaqla, tarixçilərimizdən rus hərbi ekspertin işarə etdiyi bu mühüm məsələ haqda açıqlamalar və daha peşəkar yanaşma göstərməsini arzu edirik.

Teqlər: