Rumıniyanın energetika naziri ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “Cənub-Şərqi Avropada Enerji
Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə
keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində Rumıniyanın
energetika naziri Virgil Daniel Popesku ilə görüşüb.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng
külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya
ixracı perspektivləri müzakirə edilib. Gürcüstan və Qara dənizdən
keçməklə sualtı elektrik kabeli vasitəsi ilə ötürülməsi nəzərdə
tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb. Layihənin
region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac
imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə
alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda
maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi
razılaşdırılıb.

Görüş zamanı ikitərəfli enerji əməkdaşlığının inkişafına dair
bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi
aparılıb.

Teqlər: