Xəbər - Elçin Mehdiyev – Trend:
Ruhi xəstə olan bir qadının söylədiklərini, həmin şəxslə və onun iddiaları ilə bağlı heç bir araşdırma aparmadan ictimai rəyə həqiqət kimi təqdim etmək, xüsusilə də media sektorunda müəyyən təcrübəsi olan insan, yaxud insanlar üçün utancverici haldır.
Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, məsələnin hüquqi tərəfinə gəldikdə, sözügedən fakt “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya azadlığı haqqında” qanunların, eləcə də İnzibati Xətalar və Cinayət məcəllələrinin tələblərinə görə məsuliyyət yaradır:
“Lakin mən məsələnin hüquqi tərəfini də bir kənara qoyuram. Hətta dünyanın bütün ölkələrində fəaliyyət göstərən media təmsilçiləri üçün “Hippokrat andı” xarakteri daşıyan Jurnalistlərinin Peşə Davranışı Qaydalarından da danışmıram. Çünki Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən, dövlətin, vətəndaşın olduqca həssas yanaşdığı şəhidlərimizlə bağlı bir məsələdə manipulyasiyaya yol vermək, bütün bunlardan sonra haqlı olduğunu sübuta yetirmək üçün daha qəzəbli, daha aqressiv bir mövqe sərgiləmək heç bir mənəvi ölçüyə sığmır.
Qeyd etdiyim faktla bağlı məsələnin mənəvi yükünü, ağırlığını nəzərə alsaq, baş verənləri ən yaxşı halda mənəvi cinayət adlandırmaq olar. Baş verənlərin daha bir ağrılı tərəfi ruhi xəstə olan bir şəxsin affekt halında səsləndirdiyi həqiqətə uyğun gəlməyən və çox güman ki, həmin şəxsin özünə psixoloji baxımdan təlqin etdiyi həqiqətə uyğun olmayan “həyat hekayəsi”nin ictimai rəyə, jurnalistikanın prinsiplərinə zidd olaraq, həm də tərəf kimi təqdim edilməsidir.
Psixoloji problemi olan şəxsin söylədiklərinin, hətta həqiqət olub-olmadığı bir kənara qalsın, onun üzərinən reytinq qazanmağa, populyarlaşmağa cəhd göstərmək humanizm prinsiplərinə, insanlığa yaraşmayan bir hərəkətdir”.
E.Mirzəbəylinin fikrincə, baş verən bu hadisə, təəssüf ki, yerli internet resurlarında, sosial şəbəkələrin Azərbaycan seqmentində media və jurnalist adına iddia edənlərin necə acınacaqlı durumda olduğunu göstərir və bu, bizim hər birimiz üçün həyacan siqnalı rolunu oynamalıdır:
“Yəni əgər şəhidlərlə, qazilərlə, işğaldan azad edilmiş Azərbaycan torpaqlarıyla bağlı, bizim üçün dəyər sayılan məsələlərdə reytinq axtarışına çıxılırsa, bu, artıq yolun sonudur. Belə hallarda ictimai qınaq mexanizmlərin effekt verməyəcəyi qənaətindəyəm. İndi dünyanın əksər ölkələrində, anonim, yaxud yolxlanılmayan mənbələrə istinadın qadağan edilməsi ilə bağlı hüquqi-normativ aktlar qəbul edilir.
Həmçinin, sosial şəbəkələrdə media subyekti statusu ilə çıxış edənlərin həm vergi, həm də hüquqi məsuliyyətə cəlb edilməsi üçün mexanizmlər yaradılır. Yerli qanunvericiliyə məhəl qoymayan sosial media subyektlərinə yerli şirkətlərin, yaxud yerli bazarda iştirak edən şirkətlərin reklam vermələrinin qarşısı alınır. Bu aspektdən nəinki bugünkü, hətta perspektivdə ehtimal olunan bütün neqativ çağırışlara qarşı hüquqi tənzimləmələrin hazırlanmasına və çevik mexanizmlər vasitəsilə həyata keçirilməsinə ehtiyac var”.