Nə ağlarsan, nə sızlarsan, bir dərdi beş olan könlüm…
Yolu bu dünyadan keçib-gedən, amma gedişi ilə bir dərdimizi beşə qaldırıb, könlümüzü qəmlə yoldaş edən sənətkardan danışacağıq. Atasının – Aşıq Mahmudun yaratdığı yaranı onla bağlamağa çalışanlar, eləcə də Şirvan aşıq sənəti üçün yerigörünən, əvəzsiz itki olan şəxsdən – Aşıq Vüqar Mahmudoğludan.
1970-ci il noyabrın 3-də Şamaxıda doğulmuşdu. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladı idi.
O, Şamaxı şəhərində orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. Aşıq Vüqar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir çox xarici ölkələrdə – Fransa, Almaniya, Xorvatiya, İsveç, Türkiyə, Rusiya, İran və s. – konsert proqramı ilə çıxış etmişdi, festivalların iştirakçısı olmuşdu və Azərbaycan milli sənətinin təbliğində aktiv iştirak edirdi. Eyni zamanda Azərbaycan aşıq sənətinin UNESKO-nun milli-mədəni irs siyahısına qəbul edildikdən sonra bu nüfuzlu təşkilatın seçdiyi səslərdən biri də Aşıq Vüqarın ifası olmuşdu.
Aşıq Mahmudun sinəsində dillənən sazı susmağa qoymayan, onu yaşadan, böyüdən Aşıq Vüqar Mahmudoğlu Dədə Qorqud əmanəti olan, əsrlərdir yaşadılan aşıq sənətini də dünyaya tanıdanlardan idi. Musiqiçi ailəsində dünyaya göz açmış, el-oba nəğmələrini dinləyərək böyüyən Aşıq Vüqarı sevdirən daha bir cəhət var idi: aşıq sənətinin ənənələrini qoruması, havacatları klassik üslubda təqdim etməyi bacarması, bir çox aşıqların çətinliyindən qorxub ifa etmədiyi və ya unutduğu qədim havaları oxuya bilməsi…
Bu, onun hər kəs tərəfindən bilinən tərcümeyi-halından bir parça idi. Bir də oğul idi, qardaş idi, ata idi Aşıq Vüqar…
Oğulluğundan danışmaq üçün nə ata, nə də ana qaldı ondan geriyə. Yerini, sözünü bilən, bir gülüşü ilə könül almağı bacaran Vüqarsızlığa anası da dözməyib getdi. Onun necə oğul olduğunu bəlkə də elə bu fakt deyir öz-özlüyündə: Vüqarsızlığa dözə bilməyərək 6 övladını geridə qoyub gözünün ilkinin yanına tələsən Güllübəyim ananın gedişi…
Bəzən heç nə yox, təkcə evin böyük övladı olmaq ən böyük məsuliyyət olar. Anadan, bacıdan, qardaşdan məsul olan böyük övlad. Bu ailə Mahmud yadigarıdırsa, Aşıq Vüqarın yükünü təsəvvür etmək elə də asan olmur…
Mən balamı sevirəm, balam da öz balasını…
Aşıq Vüqar ata olmaqdan daha çox, dost, yoldaş, həmdəm idi övladlarına. İki övlad sahibi olan Aşıq Vüqarın oğlu da, qızı da o qədər sevgi bəxş edən ata, öyüd-nəsihət verən dost ilə əhatələnmişdilər ki, gedişi ilə iki övladının da var olan dünyasını başına yıxdı. Uçuq-sökük dünyaları altından qalxmaq, yenidən başlamaq isə asan deyildi. Onlar heç indi də Vüqarsız dünyada yaşamağa alışmayıblar.
Adam var evdən gedir, adam da var eldən…
Özündən geriyə qalan, öz deyimləri ilə desək, başsız qalan bacı da, qardaş da bu gün (10 yanvar 2018-ci il) 5-ci ildir ki, Vüqar nisgili ilə yaşayırlar. Vüqarın yerişi, Vüqarın gülüşü, Vüqarın sözü, Vüqarın avazı… Vüqarla bağlı nə çox xatirələr dilə gəlir kökslərində. Gözləri yol çəkir, sonra bir ümid baş qaldırır ki, bəlkə bir gün qapı açılacaq, ağır addımlarla Vüqar gəlib keçəcək masanın başına, sazını basacaq sinəsinə, oynaq nəğmələrindən bir ağız oxuyacaq.
Bu nisgil ilə yaşayanlar çoxdur. Eldən gedən adamın məclisləri də yolunu gözləyir. Vüqarın avazının heyranı, sənətinin aşiqi olan Şirvan əhli, kəndinin, obasının adamları da yanaqlarına qonan kədər qarışıq təbəssümlə xatırlayırlar onu.
İnsan seli, “Ruhani” havasının müşayiəti ilə bu dünyadan köçən adam, yolun düşsə bir də gəl…