Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur – Səttar Möhbalıyev

“Aprelin 12-də dövlətimizin başçısı cənab İlham Əliyevin
sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına
həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki,
əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik
inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli
yüksəkdir. Belə ki, ümumi daxili məhsulda 6,8 faiz artım olub. Bu
da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır. Aydın görünür ki,
həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin
iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyada tam aradan qalxmayan
pandemiya səbəbindən hələ də böhran müşahidə olunsa da,
Azərbaycanda vəziyyət tam fərqlidir, hər sahədə davamlı inkişaf
gedir. Yeri gəlmişkən, qeyd edim ki, ölkəmiz bütün göstəricilərinə
görə, pandemiya şəraitindən qalib çıxan azsaylı ölkələrdəndir. Və
bu, Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş
etdirdi. Son 3 ayda qeyri-neft iqtisadiyyatımız da böyüyüb, belə
ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın
neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin
effektli nəticəsidir. İqtisadi inkişaf bu templə davam edərsə, ilin
sonuna rəqəmlər daha yüksək olar və ölkəmizin iqtisadi imkanları
daha da artar”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Təbii ki, Rusiya ilə Ukrayna arasında müharibə regionda
sosial-iqtisadi fəsadları qaçılmaz edib, həmçinin dünyada ərzağın
qiymətində də artım var. Rübün hesabatında qeyd olundu ki,
ölkəmizdə ərzaq qıtlığının yaşanmaması üçün artıq qabaqlayıcı
tədbirlərə başlanılıb və ehtiyatlar görülür. Süni qiymət artımının
qarşısının alınması istiqamətində də müvafiq qurumlar tərəfindən
əhəmiyyətli addımlar atılmaqdadır. Bu, onu göstərir ki, dövlətimiz
baş verə biləcək gözlənilməz hadisələrə hər zaman hazırdır və
vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması daim
nəzarət altındadır”, – Milli Məclisin deputatı deyib.

“Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara
da toxundu. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və
beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar
bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk
edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən
iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki,
Ermənistan tərəfinə də aydındır. İşğal siyasəti nəticəsində
düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə
əməkdaşlıqdan keçir. Bunun üçün qalib ölkənin – Azərbaycanın
müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək
lazımdır. Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da
gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu
məsələdən danışarkən dövlətimizin başçısı bir daha qeyd etdi ki,
hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də
ayrılacaq. Bu, onu təsdiqləyir ki, ölkəmiz bundan sonra da müdafiə
qüdrətini artıracaq. Komando qoşun növünün yaradılması, Xüsusi
Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması bu
qəbildəndir”, – AHİK sədri vurğulayıb.

“Cənab Prezident ilin sonuna qədər görüləcək işlər barədə də
danışdı. Bunlardan ən əsası Şərqi Zəngəzurda və Qarabağda aparılan
abadlıq-quruculuq işləridir. Bilirik ki, dövlətimiz sakinlərin öz
yurdlarına daha tez qayıtmaları üçün əlindən gələn hər şeyi edir.
Genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yeni
yollar tikilir, şəhərlər, kəndlər salınır. Şuşa, Cəbrayıl,
Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, həmçinin Hadrut və
Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması üçün də
dövlətimizin başçısı xüsusi tapşırıq verdi. Görülən işlər və həyata
keçirilən layihələr bizə deməyə əsas verir ki, Şərqi Zəngəzur və
Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və
orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc
qatacaq”, – S.Möhbalıyev əlavə edib.

Teqlər: