Rubl və lirə dəyərsizləşdi: Bəs manatı nə gözləyir?

Rubl və lirə dəyərsizləşdi: Bəs manatı nə gözləyir?

Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır. Rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, hazırda hər iki valyutaya təzyiqlər davam edir:

“Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan Rusiya iqtisadiyyatıyla bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.

Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyorudur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan hərraca çıxarılan vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”.

V.Bayramov Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilmədiyini vurğulayıb:

“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Teqlər: