Rubenin səsi haralardan gəlir: Bəs, Gəncəliyev hanı?

Rubenin səsi haralardan gəlir: Bəs, Gəncəliyev hanı?

Qarabağdakı separatçıların “dövlət naziri” Ruben Vardanyanın fəaliyyəti artıq ölkəmiz üçün ciddi təhlükəyə çevrilir. Vardanyan sadə bir fiqur deyil. Separatçı tör-töküntülərin başında Araik Arutyunyan olsa da, biz Vardanyanın Qarabağa göndərildikdən sonra daha çox ön planda olduğunu müşahidə edirik.

Bu sözləri AzerTimes-a Ruben Vardanyanın BBC-nin məşhur “Hard Talk” verilişinə yol tapması haqqında danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Vardanyanın ölkəmizə qarşı təbliğat aparmaq üçün milyonlar xərclədiyini, erməni diasporunun maksimum şəkildə bütün xarici əlaqələrdən faydalandığını vurğulayıb:

“Qeyd etdiyiniz veriliş dünya teleməkanında çox populyardır, aparıcısı Stiven Sakur da çox məşhur jurnalistdir. Verilişin strukturu belədir ki, Sakur öz qonaqlarına çətin, sərt və dolaşıq suallar ünvanlayır. Vardanyan da siyasətçi yox, ticarətçi olduğuna görə, Sakurun sualları qarşısında aciz qaldı. Vardanyan orada guya ermənilərin dərdini çəkdiyi üçün rahat həyatı qoyub ailəsi, övladları ilə birlikdə Qarabağa gəldiyini dedi. Lakin bu, inandırıcı deyil. Yəqin ki, aparıcı bölgədəki vəziyyətlə bağlı tam və geniş məlumata malik deyil. Vardanyanın cavablarından doğan bir çox sualları yenə ona ünvanlamaq olardı. Məsələn, Sakurun “sizin dostunuz Putin Ukraynaya hücum edib. Bununla bağlı fikriniz necədir” sualına cavab tapa bilməyən Vardanyan vəziyyətdən çıxmaq üçün yalnız Qarabağı düşündüyünü bildirdi”.

Elxan Şahinoğlu Azərbaycanın diplomatik və diaspor fəaliyyətinin genişləndirilməsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini xüsusi qeyd edib:

“İndi Ermənistanın, Qarabağdakı separatçıların “blokada”, “humanitar fəlakət” və s. haqqında yalanları ayaq tutub yeriyir. Hamı bilir ki, bu, belə deyil. Amma təəssüflər olsun ki, Qərbdə ən çox Ermənistanın yalançı məntiqinə inanırlar. Doğrudur, biz ikili standartları tənqid edirik və s. Lakin atdığımız addımlar kifayət etmir. Biz özümüz də fəallaşmalıyıq. Əgər Ruben Vardanyanı o cür populyar verilişə çıxarırlarsa, bizim də Xankəndini təmsil edən deputatımız var. Tural Gəncəliyev həm Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, həm də ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasının Parlament Assambleyasında və Avronestdə Azərbaycan nümayəndə heyətlərinin, Avropa Birliyi-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Onun əvvəllər diplomat kimi fəaliyyəti də olub, ingilis, fransız və rus dillərini bilir. Fikrimcə, millət vəkilimizin də həmin verilişə çıxmasına nail olmaq mümkündür. Tural Gəncəliyev dövlətimizin haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdıra bilər. Əfsuslar olsun ki, biz onun da bu sahədə kifayət qədər effektiv şəkildə fəaliyyət göstərdiyini görmürük. Bizim əsas hədəfimiz xaric olmalıdır, diplomatik və diaspor fəaliyyətimizi genişləndirməliyik, gücləndirməliyik. Elə təkcə dünən erməni rəsmilər Avropada o qədər görüş keçirib ki, saymaqla bitməz. Düzdür, onsuz da bizi eşitmək istəməyən dövlətlər yenə eşitməyəcəklər. Ancaq təhlükəli məqam ondadır ki, Ermənistan və diaspor Avropada bizə tərəfdaş olan ölkələrdə də dövlətimizə qarşı ciddi iş aparırlar, hər kəsi əleyhimizə qaldırırlar”.

Politoloqun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycan informasiya müharibəsini çox gözəl şəkildə aparmışdı:

“İndiki məqamda isə əfsuslar olsun ki, bunu demək çətindir. Xarici ölkələrdəki səfirliklərimizlə əlaqədar ciddi tədbirlər görülməlidir. Diplomatın getdiyi ölkədə birinci dərəcəli vəzifəsi ətrafına daha çox dost toplamaqdır. Bu dostlar millət vəkillərindən, tanınmış jurnalistlərdən, ictimai xadimlərdən, siyasətçilərdən, yazıçılardan, yəni cəmiyyətdə sözünün ağırlığı olan şəxslərdən ibarət olmalıdır. Diplomatın nüfuzlu şəxslərdən ibarət bir ətrafı olmalıdır ki, təmsil etdiyi dövlətlə əlaqədar vacib bir məsələ ortaya çıxanda onu nəzərə alsınlar, anlayışla qarşılasınlar. Səfirliklərimizdə hər gün mətbuat konfransları, digər tədbirlər keçirilməli, dəvətlər, diskusiyalar təşkil olunmalı, diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin ən tanınmış televiziya proqramlarına çıxmalıdırlar. Təşəbbüskarlığımızı artırmalıyıq. Çünki bəhs olunan məqamlar birbaşa Azərbaycanın taleyi və gələcəyi ilə bağlıdır”.

Teqlər: