Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında qalan və hazırda oradan qaçmağa yol tapmayan rusiyalı milyarder, separatçı-terrorçuların 112 günlük “dövlət naziri” olmuş Ruben Vardanyan yeni tələblərlə çıxış edib.
Erməni mediası Vardanyanın öz tələblərini 9 mayda separatçıların lideri Araik Arutyunyana təqdim etdiyini bildirib.
Ruben “Böhrandan çıxmaq üçün strategiya” adlanan “sənədində” Qarabağda “səfərbərlik” və hərbi vəziyyət elan edilməsi və döyüş hazırlığına başlanmasını istəyir.
Vardanyan 9 mayda bildirib ki, əgər Arutyunyan bu “strategiya”nı qəbul etməsə, onda biz bilirik nə edəcəyik. Ancaq o “nə edəcəyini” açıqlamayıb.
İşğal etdikləri böyük ərazilərimizdə 30 il müddətində yalnız səngərlər qazıb, bunkerlər tikib, yeddiqat müdafiə xətti quran Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısında 44 gün davam gətirə bilmədi, darmadağın edildi: yeddiqat müdafiə səddi cəmi 2 saata yarıldı, Ordumuz az qüvvə ilə 3 min düşmənin cəmləşdiyi Şuşanı dağları dırmaşaraq, yüngül silahlarla azad etdi.
O vaxt Azərbaycana qarşı Ermənistanın bütün qüvvəsi səfərbər edilmişdi, arxasına böyük gücləri və milyardlıq silahları almışdılar: milyardlarla dəyəri olan hərbi texnikaları məhv edildi və ya qənimət götürüldü, erməni ordusunun 65 faizi döyüş qabiliyyətini itirdi, 15 faizi fərarilik etdi, işğalçılar kapitulyasiya aktına imza atmağa məcbur edildi.
İndi Xankəndi və ətrafındakı sayı 40 minə çatmayan erməni əhalini “səfərbərliyə cəlb etməklə”, “hərbi vəziyyətlə” döyüşə qaldırmaq istəyən Ruben Vardanyanın artıq ağlını itirdiyinə heç bir şübhə ola bilməz.
Vardanyan Qarabağa xüsusi missiya ilə göndərilmişdi. Missiyanın öhdəsindən gələ bilmədiyi üçün ağaları tərəfindən tərk edilən, Xankəndi şəhərində atılmış vəziyyətdə qalan Vardanyan “Laçın” sərhəd-keçid məntəqəsindən keçib gedə də bilmir. Çünki bu sərhəd-keçid məntəqəsi dinc erməni sakinlər üçün açıqdır, separatçı-terrorçu və Azərbaycan dövlətinin hədəfində olan “rusiyalı milyarder” üçün yox.
Ona görə də çıxılmaza düşən Vardanyan hamını qırmaq istəyir.