RSXM-də qaziyə vəzifə verildi (FOTO)

Vətən müharibəsinin iştirakçısı, qazi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Saatlı” stansiyasında mühəndis vəzifəsində çalışan Haxiyev Sadiq Qabil oğlu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən vəzifəyə təyin edilib.

AzerTimes xəbər verir ki, RSXM-nin baş direktorunun əmri ilə Sadiq Haxiyev mərkəzin “Saatlı” stansiyasının müdiri təyin edilib.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən, baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minomyot partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək, Şuşanın azad olunması da daxil olmaqla Vətən müharibəsində şərəfli döyüş yolu keçmişdir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Hərbi rütbəsi artırılmışdır.

Məlumat üçün bildirək ki, RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, mayor Gəray Əsədov da I Qarabağ müharibəsinin iştirakçısı olub və Vətən müharibəsində könüllü kimi döyüşlərdə iştirak edib. Həmçinin mərkəzin əməkdaşları – Elsəvər Rəhimov, Sərvət Qurbanzadə də Vətən müharibəsinin qaziləridir.

Mərkəzin iki əməkdaşının övladları isə Vətən müharibəsində şəhid olublar. Mərkəzdə çalışan qazi və şəhid ailələrinin qayğıları və problemləri hər zaman mərkəz rəhbərliyinin diqqətindədir.

AMEA nəzdində RSXM-nin rəhbərliyi və kollektivi Vətən müharibəsi zamanı da daima Azərbaycan ordusunun yanında olublar.

AMEA nəzdində RSXM-nin kollektivi tərəfindən şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad olunur, qazilərimizə isə tezliklə öz sağlıqlarına qovuşmağı arzu edirik!

Teqlər: