Ötən gün Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarovun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, Corc Qafarovun övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb.
“Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib və hazırda da proses davam edir. Corc Qafarova mənzil ona görə verilməyib ki, müğənninin himayəsində yaşayır, ona görə verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”, – deyə məlumatda qeyd olunub.