Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “RoyalBank”
ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın
kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və
baş direktor vəzifələrində işləmiş Fuad Camın işi üzrə məhkəmə
prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Camın vəkili dövlət
ittihamçısının çıxışına etiraz edib. Bildirib ki, prokuror müdafiə
etdiyi şəxsə 14 il azadlıqdan məhrum edilməsini istəyib.
“Biz buna etiraz edirik. Məhkəmədə 101 cildlik cinayət işində
kifayət qədər Fuad Camın xeyirinə faktlar olsa da, ittiham tərəfi
bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərin hamısı cinayətdə
Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli
yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət
ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza
istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir?
Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul
veriblər. Məhkəmədən xahiş edirəm bu hallar nəzərə alınsın. Fuad
Cama hökm oxunarkən xahiş edirəm yüngülləşdirici hallar nəzərə
alınsın”, – deyə vəkil bildirib.
İttihama görə, ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə
şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin
direktoru, İdarə heyətinin sədr müavini və baş direktor
vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına
saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin
talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi
başlanıb.
İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz
qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün
“RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini
2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan
məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin
adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara
etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini
mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri
məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul
vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19
ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi
mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar
müəyyən edilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24
iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulmuş, Əli Cam
isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub. Həmin
şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və
ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və
193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul
vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə
ittiham elan edilib.