Rövşən Əkbərov məhkəmədə son söz dedi

Xəbər - Samir Əli – Trend:

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəmə istintaqı zamanı şahid ifadələrində faktiki sübutlar yoxdur. O deyib ki, şahid ifadələri və Rövşən Əkbərovun ifadəsi barədə tədqiqatlar aparılmalıdır: “Çünki, Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecəni o ailəsi ilə birlikdə evində olub və səhərə qədər evdən çıxmayıb. Rövşən Əkbərov Elçin Quliyevin ölümünü səhər səfirliyə gedərkən eşidib. Digər tərəfdən, Rövşən Əkbərovun ailə üzvləri şahid qismində istintaqa dəvət edilməyib. Müstəntiq bu məsələdə maraqlı olmayıb. Həmçinin, məhkəmə istintaqında şahid qismində ifadə verən şəxslərin heç biri hadisənin Rövşən Əkbərovun tərtdiyini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir. Ona görə də məhkəmədən xahiş edirəm Rövşən Əkbərova bəraət hökmü verilsin”.

Daha sonra prosesdə təqsirləndirilən şəxs Rövşən Əkbərov son söz deyib.

Vəkillərin çıxışını müdafiə etdiyini deyən təqsirləndirilən şəxs bildirib ki, onun Elçin Əliyevin qətli ilə heç bir əlaqəsi yoxdur: “Mən həmin vaxt ailəmlə birlikdə evdə olmuşam. Elçin Əliyevi mən qətlə yetirməmişəm. Mən hadisəni səhər səfirliyə gedəndə eşitmişəm.
Ona görə də, xahiş edirəm hadisədə heç bir günahım olmadığı üçün mənə bəraət verilsin”.

Hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunacaq.


Xatırladaq ki, ötən prosesdə prokuror R. Əkbərova 11 il cəza istəmişdi.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən “Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Teqlər: